• Ilgar[at]hasanov.info

Limfa düyünləri böyümələri: patoloq nədə yardım edə bilər?

Limfa düyünləri insan orqanizmi üçün müdafiə vəzifəsi daşıyır. Bədənin müxtəlif nahiyələrində tək-tək və ya yığımlarla yerləşirlər. Müxtəlif infeksion xəstəliklər törədicilərinin, allergiyaya səbəb ola bilən maddələrin, bədəndə yaranan bədxassəli şiş hüceyrələrinin təyinində və zərərsizləşdirilməsində bunların böyük əhəmiyyəti vardır. Düyünlərə daşınan mayedəki müxtəlif faktorlar bunların böyüməsinə, bəzən ağrıya və hərarətə (temperatur yüksəlməsinə) səbəb olur. O halda da sual yaranır: düyünlər hansı səbəbdən böyüyüb? Bu, bir şişlə (onkoloji xəstəliklə), yaxud da – iltihab, allergiya, zəhərlənmə, dərman təsiri ilə bağlıdır?

Səbəbi heç cür izah olunmayan bir böyümə (“limfadenopatiya”) varsa, yaxud – düyünlər ilə bərabər dalaq və qaraciyər də böyümüşsə, qan tərkibi də dəyişmişsə, hökmən onkohematoloqun məsləhəti və rəyi lazımdır.

Böyümə səbəbini ətraflı klinik müayinə, qan, ultrasəs, kompüter-tomoqrafiya analizləri ilə bərabər, həmin düyünlərdən alınmış nümunələrin patomorfoloji təhlili ilə da aydınlaşdırmaq mümkündür. Əksər hallarda diaqnozun təyinində məhz patomorfoloji analiz həlledici rola malik olur.

Limfa düyünü punksiyası

Hazırda bu üsuldan nisbətən az istifadə edirlər. Əgər böyümüş düyün təkdirsə, yaxud həmin nahiyədə bir maye yığımı izlənirsə, punksiyanı icra etmək olar. Ancaq yadda saxlayaq ki, punksiya tam diaqnoza əsas vermir, sadəcə bir yönəldici əhəmiyyət daşıyır (bədxassəli və ya başqa bir böyümə). Punksiyada alınmış mayeni steril əşya şüşələri üzərinə yaxaraq, yaxud da şprisdə patomorfoloji laboratoriyaya analizə göndərirlər. Yaxmaları sadəcə havada qurutmaq və kip qabda analizə göndərmək olar.

Limfa düyünü biopsiyası

Böyümüş limfa düyünündən xüsusi cərrahi vasitələr ilə kiçik nümunələr alınması, limfonodulektomiya isə – diaqnozu patomorfoiloji təhlildə dəqiqləşdirmək üçün bir və ya bir neçə düyünün cərrahi yolla çıxarılmasıdır. Hazırda həm biopsiyadan, həm də ektomiyadan istifadə edirlər. Bu zaman mümkün qədər məlumatlı ola biləcək düyünləri götürmək çox vacıbdır. Həm də bilməliyik ki, yetkin yaşlı insanlarda (uşaqlara aid deyil!) limfa düyününün ölçüsü 3,0 sm-dən artıqdırsa, bu, biopsiyaya bir əsasdır. Biopsiya üçün adətən ən iri və ya ən erkən böyümüş düyünü götürürlər. Əgər bədənin müxtəlif hissələrində çoxsaylı böyümələr varsa, o halda çalışıb körpücük üstündən və ya boyundan nümunə alırlar. Bunlar ilə nisbətdə, qoltuqaltı, qasıq və digər nahiyələrin düyünlərinin diaqnostik əhəmiyyəti nisbətən az olur.

Biopsiyanı və ya limfa düyününü aldıqdan sonra nə etmək lazımdır? Material mümkün qədər az əzilməlidir. Onu formalin məhluluna yerləşdirib, ətraflı məlumat ilə birlikdə patomorfoloji laboratoriyaya göndərmək lazımdır. Əgər formalin məhlulu yoxdursa, spirtdən, yaxud başqa bir məhluldan istifadə etmək məsləhət deyildir, materialı soyuducuda saxlayıb, sonra da analizə göndərmək olar. Ancaq buzxana şəraiti, buzlama olmamalıdır, bu halda sonrakı analiz nəticə verməyə bilər.

Limfa düyünü biopsiyası / ektomiyası analizi nə verə bilər?

Ən vacibi odur ki, düzgün götürülmüş və məlumatlı nümunədə şiş (onkoloji) xəstəliyini müxtəlif iltihablardan və düyünlərin bir cavab reaksiyası kimi böyüməsindən, “limfoid hiperplaziya” adlandırdığımız vəziyyətdən fərqləndirmək mümkündür.

Unutmayaq ki, limfa düyünləri səbəbsiz böyümür. Xüsusən də, antibiotiklər, viruslar və allergiya əleyhinə dərmanlar ilə davamlı müalicədən sonra düyünlər kiçilmirsə, hökmən ixtisaslaşmış tibbi müayinə və biopsiya/ ektomiya məsləhətdir.